Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 6

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya belə dedi:
2«İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə,
3şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin.
4Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin.
5Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun.
6Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın.
7Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir.
8Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir.
9Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın.
10Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin.
11Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin.
12Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır.
13Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin.
14Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç,
15bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri.
16Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin.
17Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin.
18Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun.

19Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun.
20Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər.
21Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”».
22Rəbb Musaya dedi:
23«Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin:
24“Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;
25Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.
26Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.
27Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».