1Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar:
2«Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu.
3Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar.
4İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar».
5Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir.
6Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki,
7İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın.
8İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun.
9İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın».
10Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları
11Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər.
12Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı.
13Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır.