Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 13

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi:
2«İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».
3Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.
4Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua;
5Şimeon qəbiləsindən Xori oğlu Şafat;
6Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;
7İssakar qəbiləsindən Yusif oğlu İqal;
8Efrayim qəbiləsindən Nun oğlu Huşə;
9Binyamin qəbiləsindən Rafu oğlu Palti;
10Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;
11Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;
12Dan qəbiləsindən Gemalli oğlu Ammiel;
13Aşer qəbiləsindən Mikael oğlu Setur;
14Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;
15Qad qəbiləsindən Maki oğlu Geuel.
16Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.
17Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın.
18Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu?

19Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı?
20Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.
21Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər.
22Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi.
23Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar.
24İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi.
25Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar.
26Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.
27Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri!
28Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük.
29Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».
30Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik».
31Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər».
32Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur.
33Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».