Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 14

Help us?
Click on verse(s) to share them!
1Bütün icma uca səslə fəryad qoparıb gecə boyu ağladı.
2İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: «Kaş Misir torpağında ya da bu səhrada öləydik!
3Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?»
4Sonra bir-birlərinə dedilər: «Özümüzə başçı seçək və Misirə qayıdaq».
5O zaman Musa ilə Harun orada toplanmış bütün İsrail icmasının camaatının önündə üzüstə yerə sərildi.
6Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar;
7bütün İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir.
8Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək.
9Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»
10Lakin bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına göründü.
11Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?
12Onları vəba ilə cəzalandıracağam. İrsdən məhrum edəcəyəm. Onlardan çox böyük və güclü bir milləti səndən törədəcəyəm».
13Musa Rəbbə dedi: «O zaman Misirlilər eşidəcək, çünki bu xalqı onların arasından qüdrətinlə Sən çıxartdın.
14Bunu ölkənin əhalisinə anladacaqlar. Eşitdilər ki, Sən Rəbb bu xalqın arasındasan. Çünki, ya Rəbb, Sən onlarla üzbəüz görüşürsən, Sənin buludun onların üzərində durur. Sən gündüz bulud sütunu və gecə alov sütunu ilə onlara yol göstərirsən.
15Əgər bu xalqın hamısını bir nəfər kimi öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər:
16“Rəbb and içərək vəd etdiyi ölkəyə bu xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”.
17İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin:
18“Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.

19İstəyirəm ki, Misirdən çıxdıqları gündən bu günə kimi bu xalqı necə bağışlamısansa, onların günahını böyük məhəbbətinə görə bağışlayasan».
20Rəbb dedi: «Sənin ricana görə bağışladım,
21amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki,
22izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri
23atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.
24Ancaq qulum Kalevdə başqa ruh var. O bütün qəlbi ilə ardımca getdi. Onu gəzdiyi torpağa aparacağam və onun nəsli oranı irs olaraq alacaq.
25Amaleqlilər və Kənanlılar dərədə yaşayırlar. Ona görə sabah qayıdın və Qırmızı dənizin yolu ilə səhraya gedin».
26Rəbb Musaya və Haruna dedi:
27«Nə vaxta qədər bu pis icma Mənə qarşı deyinəcək? İsrail oğullarının Mənə deyinmələrini eşitdim.
28Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə qarşı dediklərinizin eynisini sizə edəcəyəm.
29Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək,
30sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək.
31Lakin ‹əsir olacaqlar› dediyiniz uşaqlarınızı oraya aparacağam və sizin rədd etdiyiniz ölkəni onlar tanıyacaqlar.
32Sizə gəldikdə isə meyitləriniz bu səhraya səriləcək.
33Övladlarınız qırx il səhrada çobanlıq edəcəklər. Nə vaxta qədər ki siz səhrada məhv olmamısınız, sizin xəyanətinizin acısını çəkəcəklər.
34Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”.
35Mən Rəbb söylədim: “Həqiqətən, Mənə qarşı birləşən bu pis icmaya belə də edəcəyəm. Bu səhrada ölüb tələf olacaqlar”».
36Musanın ölkəni nəzərdən keçirmək üçün göndərdiyi adamlar qayıdıb ölkə haqqında pis xəbər gətirərək bütün icmanın Rəbbə qarşı deyinməsinə səbəb oldular.

37Ölkə haqqında pis xəbər gətirənlər Rəbbin önündə vəbadan öldü.
38Ölkəni nəzərdən keçirmək üçün gedənlərdən yalnız Nun oğlu Yeşua və Yefunne oğlu Kalev sağ qaldılar.
39Musa bu sözləri bütün İsrail övladlarına danışdı və xalq çox kədərləndi.
40Onlar səhər tezdən qalxıb dağın təpəsinə çıxaraq dedilər: «Günah etmişik, indi Rəbbin vəd verdiyi yerə çıxırıq».
41Musa dedi: «Nə üçün Rəbbin əmrinə qarşı çıxırsınız? Bunu bacara bilməzsiniz.
42Döyüşə çıxmayın, çünki Rəbb aranızda deyil. Düşmənlərinizə məğlub olacaqsınız.
43Çünki Amaleqlilər və Kənanlılar orada önünüzdədir və qılıncla öləcəksiniz; madam ki Rəbbin ardınca getməkdən vaz keçdiniz, Rəbb sizinlə bərabər olmayacaq».
44Ancaq onlar özlərinə güvənərək dağlığın ən yüksək təpəsinə çıxdılar. Lakin nə Rəbbin Əhd sandığı, nə də Musa düşərgədən ayrılmadı.
45O zaman həmin dağlıqda yaşayan Amaleqlilər və Kənanlılar enib onlara hücum etdilər və Xorma şəhərinədək qovub məğlubiyyətə uğratdılar.