Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 32

Help us?
Click on verse(s) to share them!
1Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər.
2Qadlılarla Ruvenlilər gəlib Musaya, kahin Eleazara və icmanın rəhbərlərinə dedilər:
3«Atarot, Divon, Yazer, Nimra, Xeşbon, Elale, Sevam, Nevo və Beon
4Rəbbin İsrail icmasına təslim etdiyi bu ölkə heyvan otarmaq üçün münasib yerdir; qullarının da heyvanları var».
5Sonra əlavə etdilər: «Əgər biz sənin gözündə lütf tapmışıqsa, qoy bu torpaq mülk olaraq biz qullarına verilsin. Bizi İordandan o taya keçirməyin».
6Musa cavab verdi: «İsrailli qardaşlarınız döyüşməyə gedərkən siz buradamı qalmaq niyyətindəsiniz?
7Nə üçün çayı keçib Rəbbin onlara verdiyi torpağa getmək üçün İsrail övladlarını ruhdan salırsınız?
8Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər.
9Onlar Eşkol vadisinə çatıb torpağı gördülər, lakin İsrail övladlarını ruhdan saldılar ki, Rəbbin verdiyi torpağa girməsinlər.
10O gün Rəbbin qəzəbi alovlandı və and içib dedi:
11“Misirdən çıxan iyirmi və ondan yuxarı yaşda olan adamların heç biri İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim torpağı heç vaxt görməyəcək, çünki onlar Mənim yolumda sədaqətlə getmədilər.
12Ancaq Qenizli Yefunne oğlu Kalev və Nun oğlu Yeşua bu torpağı görəcək, çünki onlar yolumda sədaqətlə getdilər”.
13Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi.
14Budur, atalarınızın yerinə siz – günahlılar nəsli qalxaraq Rəbbin qızğın qəzəbini İsrailə qarşı daha da alovlandırırsınız.
15Əgər siz indi Rəbbin ardınca getməkdən dönsəniz, O bütün bu xalqı yenə də səhrada atacaq, siz də onların ölümünə səbəb olacaqsınız».
16Ruvenlilərlə Qadlılar Musaya yaxınlaşıb dedilər: «Burada sürülərimiz üçün ağıllar, övladlarımız üçün şəhərlər tikəcəyik.
17Biz isə silahlanıb İsrail övladlarının qabağında getməyə hazırıq. Onlar vəd olunmuş torpağa daxil olana qədər onları tərk etmərik. Uşaqlarımız isə qoy möhkəmlənmiş şəhərlərdə qalsınlar ki, bu torpağın sakinlərindən qorunsunlar.
18İsrail övladlarından hər biri öz irsini alana qədər evlərimizə qayıtmayacağıq.

19Biz onlarla birlikdə İordanın o biri tayındakı torpaqdan irs istəməyəcəyik, çünki bizim payımız İordanın şərq tərəfinə düşdü».
20Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz
21və Rəbb düşmənlərini hüzurundan qovana qədər hamınız Onun hüzurunda İordanın o biri tayına silahlı olaraq keçsəniz,
22bu torpaq Rəbbin önündə sizə tabe olarsa, onda qayıda bilərsiniz. Rəbbin və İsrailin qarşısında borclarınızı yerinə yetirmiş olarsınız. Onda bu torpaq Rəbbin təsdiqi ilə sizin mülkünüz olacaq.
23Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.
24Uşaqlarınız üçün şəhərlər, sürüləriniz üçün ağıllar düzəldin. Lakin vədinizi yerinə yetirin».
25Qadlılarla Ruvenlilər Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edərik.
26Arvadlarımız, uşaqlarımız, qoyun-keçi və mal-qaramız, burada – Gilead şəhərlərində qalacaq.
27Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq».
28Musa onların haqqında kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladlarının qəbilə başçılarına əmr etdi.
29Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin.
30Lakin əgər onlar silahlanıb sizinlə çayın o biri tayına keçməsələr, onlar sizin aranızda – Kənan torpağında miras alacaqlar».
31Qadlılar və Ruvenlilər belə cavab verdilər: «Rəbb sənin qullarına necə deyibsə, biz də elə edərik.
32Biz Rəbbin hüzurunda silahlanıb çaydan Kənan torpağına keçəcəyik, lakin bizim miras aldığımız torpaq İordanın bu tayında olsun».
33Musa Emorlular padşahı Sixonun ölkəsini, Başan padşahı Oqun ölkəsini bütün ətraf şəhərləri və torpaqları ilə birlikdə Ruvenlilərlə Qadlılara və Menaşşe qəbiləsinin yarısına verdi.
34Qadlılar möhkəmlənmiş şəhərlər olaraq Divonu, Atrotu, Aroeri,
35Atrot-Şofanı, Yazeri, Yoqbohanı,
36Bet-Nimranı və Bet-Haranı bərpa etdilər və sürülər üçün ağıllar düzəltdilər.

37Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi,
38Nevonu, Baal-Meonu – onların adları sonra dəyişdirildi – və Sivmanı bərpa etdilər. Yenidən tikdikləri şəhərlərə başqa adlar qoydular.
39Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər.
40Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar.
41Menaşşe nəslindən olan Yair gedib Emorluların kəndlərini alaraq adlarını Xavvot-Yair qoydu.
42Novah isə gedib Qenatı və ətrafdakı qəsəbələri aldı. Oranı da öz adı ilə Novah adlandırdı.