Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 22

Help us?
Click on verse(s) to share them!
1İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar.
2İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü.
3Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü.
4Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi.
5Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir.
6Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm».
7Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər.
8Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar.
9Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?»
10Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi:
11“Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”».
12Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır».
13Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir».
14Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi».
15Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi.
16Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə.
17Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”».
18Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm.

19İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək».
20O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et».
21Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi.
22O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı.
23Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu.
24Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi.
25Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı.
26Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu.
27Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu.
28Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?»
29Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim».
30Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr».
31Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi.
32Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir.
33Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım».
34Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım».
35Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi.
36Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.

37Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»
38Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm».
39Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.
40Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.
41Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.