Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 9

Help us?
Click on verse(s) to share them!
1İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi:
2«İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər.
3Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin».
4Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər.
5Sina səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər.
6Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər. Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib
7belə dedilər: «Ölüyə görə biz murdarıq, nə üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?»
8Musa onlara dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək».
9Rəbb Musaya dedi:
10«İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin.
11İkinci ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək və acı göyərti ilə yesinlər.
12Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın. Pasxaya aid olan bütün qanunları icra etsinlər.
13Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir, o adam günahının cəzasını çəksin.
14Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”».
15Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı.
16Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı.
17Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada dayanardısa, İsrail övladları da orada düşərgə salardılar.
18Onlar Rəbbin əmrinə görə yola düşər və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar düşərgə saldıqları yerdə qalardılar.

19Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər.
20Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər.
21Bəzən də bulud axşamdan səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun bulud qalxanda yola düşərdilər.
22İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan zaman yola düşərdilər.
23Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər.