Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 19

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya və Haruna dedi:
2«Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər.
3Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin.
4Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin.
5Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın.
6Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın.
7Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın.
8Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın.
9Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır.
10Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.
11Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq.
12Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq.
13Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.
14Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın.
15İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın.
16Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın.
17Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün.
18Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin.

19Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.
20Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın.
21Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın.
22Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın».