Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 31

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya belə dedi:
2«İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan».
3Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar.
4İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin».
5Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi.
6Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü.
7Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar.
8Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər.
9Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər.
10Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular.
11İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər.
12Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər.
13Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar.
14Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib
15«Bütün qadınları nə üçün sağ saxladınız?» dedi.
16«Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi.
17İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün.
18Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın.
19Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin.
20Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin».
21Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir.
22Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu,
23oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin.
24Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin».
25Rəbb Musaya dedi:
26«Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın.
27Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün.
28Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın.
29Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin.
30O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin».
31Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər.
32Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi,
3372 000 mal-qara,
3461 000 eşşək,
35kişi ilə yaxınlıq etməmiş 32 000 qız.
36Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi,
37bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi;
3836 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı;
3930 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı;
4016 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı.
41Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi.
42Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır:
43İcmaya düşən yarı pay 337 500 qoyun-keçi,
4436 000 mal-qara,
4530 500 eşşək,
4616 000 insan.
47Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi.
48Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər:
49«Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir.
50Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək».
51Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı;
52minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi.
53Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü.
54Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər.