Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 23

Help us?
Click on verse(s) to share them!
1Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir, Allahın ucaltdığı adam, Yaqubun Allahının məsh etdiyi, İsrailin sevimli məzmur şairi belə söyləyir:
2Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır.
3İsrailin Allahı belə dedi, İsrailin Qayası mənə belə söylədi: İnsanlar üstündə doğruluqla hökm edən, Allah qorxusu ilə səltənət sürən şəxs
4Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir.
5Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?
6Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq.
7Lakin onlara toxunanlar Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar. Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar.
8Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü.
9Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə
10Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar.
11Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı.
12Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi.
13Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu.
14Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.
15Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»
16Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü.
17O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.
18Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.

19Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.
20Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.
21O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü.
22Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi.
23O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.
24«Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,
25Xarodlu Şamma və Eliqa,
26Peletli Xeles, Teqoalı İqqeş oğlu İra,
27Anatotlu Aviezer, Xuşalı Mevunnay,
28Axoahlı Salmon, Netofalı Mahray,
29Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay,
30Piratonlu Benaya, Qaaş vadilərindən Hidday,
31Aravalı Avi-Alvon, Barxumlu Azmavet,
32Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan,
33Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam,
34Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam,
35Karmelli Xesro, Aravalı Paaray,
36Sovalı Natan oğlu İqal, Qadlı Bani,

37Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,
38Yeterli İra və Yeterli Qarev,
39Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi.