Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 16

Help us?
Click on verse(s) to share them!
1Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı.
2Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm».
3Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı».
4Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım».
5Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.
6Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi.
7Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam!
8Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan».
9Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm».
10Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?»
11Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir.
12Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər».
13Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı.
14Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı.
15Avşalom ilə bütün xalq – İsrail adamları Yerusəlimə gəldilər, Axitofel də onunla idi.
16Davudun dostu Arklı Xuşay Avşalomun yanına gəlib «Yaşasın padşah! Yaşasın padşah!» dedi.
17Avşalom Xuşaya dedi: «Dostuna etibarın budurmu? Niyə dostunla bərabər getmədin?»
18Xuşay Avşaloma dedi: «Xeyr, mən ancaq Rəbbin, bu xalqın və bütün İsrail adamlarının seçdiyi adamın tərəfində olacağam və onunla da qalacağam.

19Bir de görüm, axı mən kimə xidmət edəcəyəm, dostumun oğluna deyilmi? Atana necə qulluq etdimsə, sənə də elə qulluq edəcəyəm».
20Avşalom Axitofelə dedi: «Məsləhətinizi verin görək, nə etməliyik?»
21Axitofel Avşaloma dedi: «Evə nəzarət etmək üçün atanın qoyub getdiyi cariyələrin yanına gir. Onda atanın nifrətini qazandığını bütün İsraillilər eşidəcək və sənin tərəfində olanların hamısının əl-qolu qüvvətlənəcək».
22Dam üstündə Avşalom üçün çadır qurdular və bütün İsraillilərin gözü qarşısında Avşalom atasının cariyələrinin yanına girdi.
23O zamanlar Axitofelin verdiyi məsləhət Allah kəlamına müraciət edən şəxsin aldığı məsləhətlərlə bərabər sayılırdı. Axitofelin hər məsləhəti Davud üçün də, Avşalom üçün də bu cür idi.