Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 22

Help us?
Click on verse(s) to share them!
1Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi;
2O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır,
3Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan!
4Həmdə layiq olan Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
5Çünki ətrafımı ölüm dalğaları bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü,
6Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.
7Əzab içində Rəbbə yalvardım, Allahımı köməyə çağırdım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa Onun qulağına yetdi.
8O zaman sarsılıb dünya titrədi, Göylər təməllərindən sarsılıb lərzəyə gəldi. Çünki O qəzəbləndi.
9Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
10O, göyləri yarıb yerədək endi. Qatı zülmət ayaqları altında idi.
11Bir keruva minib uçdu, Yel qanadları üstündə şığıdı.
12Ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.
13Hüzurunun nuru şəfəq saçdı, Oradan odlu közlər düşüb alovlandı.
14Rəbb göylərdən gurladı, Haqq-Taala səs saldı.
15Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
16Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
17O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
18Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.

19Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
20O məni geniş yerə çıxartdı, Məndən razı qalıb məni qurtardı.
21Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
22Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
23Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
24Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam.
25Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə təmizliyimin əvəzini verdi.
26Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
27Təmizlərlə təmizsən, Əyrilərlə əyriliklərinə görə davranırsan.
28İtaətkar insanları qurtarırsan, Lovğalara göz qoyursan, onları alçaldırsan.
29Ya Rəbb, Sən mənim çırağımsan, Rəbb zülmətimi nura çevirir.
30Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
31Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir.
32Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
33Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər.
34Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar.
35Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar.
36Sən mənə qurtuluş qalxanını verdin, Etdiyin köməklə Sən məni yüksəltdin.

37Geniş yer açdın ki, addımlayım, Büdrəməsin ayaqlarım.
38Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
39Onları əzib qurtardım, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
40Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın,
41Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
42Gözləsələr də, onları qurtaran olmadı, Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.
43Onları yerdəki toz kimi əzdim, Küçələrin palçığı kimi tapdaladım.
44Sən məni xalqımın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
45Yadellilər mənə boyun əyirlər. Səsimi eşidəndə mənə itaət edirlər.
46Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
47Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın!
48O Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
49O məni düşmən içindən çıxarır, Məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
50Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm!
51Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.