Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 3

Help us?
Click on verse(s) to share them!
1Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.
2Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi.
3İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom,
4dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya,
5altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu.
6Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı.
7Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?»
8İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan?
9Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi.
10Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!»
11Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi.
12Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam».
13Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən».
14Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar».
15İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı.
16Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı.
17Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun.
18İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi».

19Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi.
20Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu.
21Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.
22Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi.
23Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi».
24Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi.
25Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi».
26Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi.
27Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü.
28Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil.
29Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın».
30Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.
31Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi.
32Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı.
33Padşah Avner üçün mərsiyə oxudu: Avner, bir axmaq kimi ölməli idinmi?
34Əllərin bağlanmamışdı, Ayaqlarına zəncir vurulmamışdı. Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın. Bütün xalq bir daha Avner üçün ağladı.
35Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!»
36Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü.

37O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil.
38Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi?
39Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»