Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 2

Help us?
Click on verse(s) to share them!
1Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».
2Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı.
3Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı.
4Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər. O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib.
5Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz.
6Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm.
7Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».
8Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı.
9Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi.
10Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi.
11Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi.
12Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi.
13Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.
14Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar».
15Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər.
16Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim deyilir.
17O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular.
18Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi.

19O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü.
20Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm».
21Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu.
22Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?»
23Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.
24Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar.
25Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar.
26Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?»
27Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi».
28Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər.
29Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar.
30Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi.
31Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü.
32Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar.