1Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim».
2Şaulun nəslində Siva adlı bir xidmətçi var idi. Onu Davudun yanına çağırdılar və padşah ona dedi: «Siva sənsənmi?» O dedi: «Qulun özüdür ki, var».
3Padşah dedi: «Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq edim?» Siva padşaha dedi: «Yonatanın iki ayağından şikəst bir oğlu var».
4Padşah ona dedi: «İndi o haradadır?» Siva padşaha dedi: «Budur, indi o, Lo-Devarda Ammielin oğlu Makirin evindədir».
5Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi.
6Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi.
7Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən».
8Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?»
9Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim.
10Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi.
11Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi.
12Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi.
13Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi.