Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 11

Help us?
Click on verse(s) to share them!
1Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.
2Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.
3Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».
4Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.
5Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.
6Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.
7Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.
8Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.
9Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.
10Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»
11Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».
12Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.
13Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.
14Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.
15Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».
16Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.
17Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.
18Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.

19Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən
20padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?
21Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
22Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.
23Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.
24Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».
25Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».
26Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.
27Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.