Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 5

Help us?
Click on verse(s) to share them!
1İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
2Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».
3İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
4Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi.
5O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi.
6Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz.
7Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
8Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək.
9Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.
10Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi.
11Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər.
12Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib.
13Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu.
14Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,
15İvxar, Elişua, Nefeq, Yafia,
16Elişama, Elyada və Elifelet.
17Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi.
18Filiştlilər gəlib Refaim vadisinə yayıldı.

19Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».
20Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.
21Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.
22Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar.
23Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.
24Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».
25Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı.