1Bir müddət keçəndən sonra Avşalom özü üçün bir döyüş arabası ilə atlar və onun qabağında qaçmaq üçün əlli adam hazırladı.
2Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir.
3Avşalom ona belə deyərdi: «Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq».
4Avşalom deyərdi: «Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım».
5Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi.
6Avşalom hökm üçün padşahın yanına gələn bütün İsraillilərlə belə rəftar edərdi. İsraillilərin könlünü bu surətdə ələ alardı.
7Dörd il keçəndən sonra Avşalom padşaha dedi: «Rica edirəm, izin ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim.
8Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”».
9Padşah ona «salamat get» dedi. Avşalom qalxıb Xevrona getdi.
10Avşalom İsrail qəbilələrinin hamısına gizli qasidlər göndərərək onlara tapşırdı: «Şeypur səsini eşidəndə “Avşalom Xevronda padşah oldu” deyin».
11Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi.
12Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı.
13Bir adam gəlib Davuda xəbər verərək dedi: «İsraillilər Avşaloma rəğbət bəsləyir».
14Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər».
15Padşahın əyanları dedilər: «Ağam padşahın istədiyi kimi olsun, bax biz sənin qullarınıq».
16Padşah və onun ardınca bütün külfəti çıxdı. Lakin padşah cariyələrindən on qadını evə nəzarət etmək üçün qoydu.
17Padşah və ardınca bütün xalq çıxıb şəhərin sonuncu evində dayandı.
18Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi.
19Padşah Qatlı Yettaya dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan sürgünə aparılmış adamsan, qayıt öz yerinə.
20Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!»
21Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq».
22Davud Yettaya dedi: «Onda gəl, keç». Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi.
23Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi.
24Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi. Allahın sandığını yerə qoydular. Bütün xalq şəhərdən tamamilə çıxandan sonra Evyatar da çıxdı.
25Padşah Sadoqa yenə dedi: «Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni geri qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər.
26Lakin “səndən razı deyiləm” desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin. Mən hazıram».
27Padşah kahin Sadoqa dedi: «Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzlə aparın.
28Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə – çayın dayaz yerində gözləyəcəyəm».
29Sadoqla Evyatar Allahın sandığını Yerusəlimə geri qaytardı və orada qaldı.
30Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı.
31Kimsə «Axitofel Avşalomun yanında – qiyamçılar arasındadır» deyə Davuda xəbər verdi. Davud dedi: «Ya Rəbb, Səndən diləyirəm, Axitofelin məsləhətlərini boşa çıxar».
32Davud xalqın Allaha səcdə etdiyi təpənin başına çatanda, budur, Arklı Xuşay paltarı cırılmış və başı toz-torpaq içində onu qarşılamağa gəldi.
33Davud ona dedi: «Əgər sən də mənimlə bərabər getsən, mənə yük olarsan.
34Lakin əgər şəhərə qayıdıb Avşaloma “ey padşah, mən də sənin qulun olacağam. Keçmişdə necə atana qul oldumsa, sənə də indi elə qul olacağam” desən, o zaman mənim xeyrimə Axitofelin məsləhətini poza bilərsən.
35Kahin Sadoq və kahin Evyatar orada səninlə deyilmi? Padşah sarayından eşidəcəyin hər şeyi kahinlərə – Sadoq və Evyatara bildirəcəksən.
36Budur, iki oğlu – Sadoqun oğlu Aximaas, Evyatarın oğlu Yonatan onların yanındadır və eşidəcəyiniz hər şeyi onların əli ilə mənə çatdıracaqsınız».
37Avşalom Yerusəlimə girərkən Davudun dostu Xuşay da şəhərə girdi.