Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Şamuel

Ikinci Şamuel 17

Help us?
Click on verse(s) to share them!
1Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm.
2Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm.
3Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar».
4Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.
5Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq».
6Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver».
7Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil».
8Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz.
9Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək.
10Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir.
11Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən.
12Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz.
13Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq».
14Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.
15Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim.
16İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”».
17Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər.
18Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər.

19Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi.
20Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.
21Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib».
22Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı.
23Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.
24Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər.
25Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi.
26İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.
27Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay
28Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən,
29bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.