Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Çixiş

Çixiş 25

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi:
2«Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin.
3Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc,
4bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,
5qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,
6çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,
7efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
8Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım.
9Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.
10Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun.
11Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy.
12Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit.
13Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört.
14Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir.
15Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın.
16Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy.
17Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun.
18Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt.

19Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun.
20Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun.
21Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy.
22Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.
23Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun.
24Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy.
25Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy.
26Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit.
27Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun.
28Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın.
29Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt.
30Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.
31Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun.
32Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın.
33Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun.
34Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun.
35Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun.
36Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun.

37Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın.
38Maşaları və xəkəndazları da xalis qızıldan olsun.
39Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin.
40Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.