1Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür.
2Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla.
3Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et.
4Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur.
5Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla.
6Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy.
7Məsh yağını götürüb Harunun başına tök və onu məsh et.
8Sonra oğullarını gətir və onlara xirqələr geyindir.
9Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.
10Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar.
11Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs.
12Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök.
13Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır.
14Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır.
15Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.
16Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp.
17Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, tikələrinin və başının üstünə qoy.
18Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
19Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar.
20Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp.
21Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun.
22Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur.
23Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür.
24Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy.
25Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
26Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır.
27Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et.
28Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.
29Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar.
30Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin.
31Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat.
32Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər.
33Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.
34Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.
35Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir.
36Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.
37Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.
38Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.
39Toğlunun birini səhər, digərini isə axşamçagı təqdim et.
40Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.
41Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
42Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.
43Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.
44Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər.
45İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.
46Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.