Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Çixiş

Çixiş 33

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa,
2qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım
3süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm».
4Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı.
5Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”».
6Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular.
7Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi.
8Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı.
9Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı.
10Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı.
11Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi.
12Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”.
13Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır».
14O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm».
15Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə.
16Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?»
17Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram».
18Musa dedi: «İzzətini mənə göstər».

19Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».
20Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz».
21Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur.
22İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm.
23Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, üzüm isə görünməyəcək».