1Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar.
2Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar.
3Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər.
4Hər iki ucunu bir-birinə bağlayan çiyinlik düzəltdilər ki, o bərkidilsin.
5Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
6Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını
7efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
8Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər.
9Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi.
10Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd;
11ikinci sıra firuzə, göy yaqut və almaz;
12üçüncü sıra sirkon, əqiq və ametist;
13dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı.
14Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi.
15Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar.
16İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar.
17İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar.
18İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar.
19Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar.
20Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər.
21Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər.
23Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular.
24Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər.
25Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər.
26Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
27Harun və oğulları üçün toxunma incə kətan xirqələri,
28nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı,
29nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar.
31Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
32Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
33Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını,
34qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini,
35Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını,
36masanı və onun ləvazimatını; təqdis çörəklərini,
37xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını,
38qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini,
39tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını,
40həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları,
41müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər.
42Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.
43Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi.