Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Çixiş

Çixiş 40

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi:
2«Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.
3Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.
4Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır.
5Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur.
6Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir.
7Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.
8Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as.
9Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun.
10Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.
11Ləyənlə altlığını məsh edib təqdis et.
12Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.
13Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.
14Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir.
15Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».
16Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi.
17İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu.
18Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi.

19Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
20Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.
21Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.
23Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
24Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.
25Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
26Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;
27onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
28Məskənin girişində arakəsməni qurdu.
29Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.
31Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.
32Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
33Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.
34O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.
35Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.
36İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;

37bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.
38Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.