1Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
2Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun.
3Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin.
4Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt.
5Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt.
6Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun.
7Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt.
8Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun.
9Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla.
10Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt.
11Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun.
12Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla.
13Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın.
14Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt.
15Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt.
16Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun.
17Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt.
18Məskənin cənub tərəfi üçün iyirmi çərçivə
19və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun.
20Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə
21və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
22Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt.
23Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki,
24bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun.
25Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
26Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül,
27məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun.
28Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın.
29Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört.
30Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur.
31Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
32Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun.
33Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın.
34Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax.
35Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy.
36Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt.
37Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök.