Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Çixiş

Çixiş 30

Help us?
Click on verse(s) to share them!
1Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt.
2Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun.
3Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy.
4Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun.
5Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört.
6Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.
7Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman,
8həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir.
9Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin.
10İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».
11Rəbb Musaya belə dedi:
12«İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın.
13Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır.
14İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin.
15Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin.
16Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».
17Rəbb Musaya belə dedi:
18«Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki,

19Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar.
20Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da
21əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun».
22Rəbb Musaya dedi:
23«Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış
24və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı.
25Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq.
26Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını,
27masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını,
28yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını.
29Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq.
30Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər.
31İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq.
32Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın.
33Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”».
34Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun.
35Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun.
36Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun.

37Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın.
38Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».