1Allah bütün bu sözləri belə söylədi:
2«Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
3Məndən başqa allahların olmasın.
4Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
5Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
6Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
7Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
8Şənbə gününü yadda saxlayıb təqdis et.
9Altı gün çalışıb bütün işlərini gör.
10Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.
11Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.
12Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
13Qətl etmə.
14Zina etmə.
15Oğurluq etmə.
16Heç kimə qarşı yalandan şahidlik etmə.
17Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
18Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu.
19Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik».
20Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun».
21Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.
22Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım.
23Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən allahlar düzəltməyin.
24Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm.
25Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən.
26Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”.