Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Çixiş

Çixiş 15

Help us?
Click on verse(s) to share them!
1O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı.
2Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm.
3Rəbb döyüşçüdür, Rəbdir Onun adı.
4Fironun döyüş arabalarını, Ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları Qırmızı dənizdə boğuldu.
5Əngin sulara bürünüb Daş tək dərinliklərə Necə də qərq oldular.
6Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir.
7Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar.
8Burnunun nəfəsi ilə sular toplanar, Yığılar bir yerə, axınlar dayanar, Dəniz qoynunda coşan sular qatılaşar.
9Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”.
10Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar.
11Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
12Sağ əlini uzadanda torpaq onları uddu.
13Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın.
14Xalqlar eşidib əsdi, Filişt sakinlərini qorxu kəsdi.
15Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı.
16Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lal-kar oldular, O vaxtadək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək!
17Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına, Yaşamaq üçün Özünə yaratdığın yerə, Ey Xudavənd! Əlinlə qurduğun Müqəddəs məkanına.
18Rəbb əbədi, daima padşahlıq edəcəkdir».

19Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər.
20Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar.
21Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı!
22Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada üç gün yol getdilər, amma su tapmadılar.
23Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır.
24Xalq «Nə içək?» deyə Musadan giley-güzar etdi.
25Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi:
26«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».
27Sonra İsrail övladları Elimə gəldilər. Orada on iki su qaynağı və yetmiş xurma ağacı var idi. İsrail xalqı orada sular ətrafında düşərgə qurdu.