Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 7

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı.
3İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.
4Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
5Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir.
6Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir!
7Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir.
8Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm.
9Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.
10Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı.
11Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq.
12Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq.
13Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək.
14Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.
15Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək.
16Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək.
17Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək.
18Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq.

19Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu.
20Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim.
21Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar.
22Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq.
23Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub.
24Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq.
25Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma tapmayacaqlar.
26Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək.
27Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».