1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,
3Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli.
4Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.
5Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.
6Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim.
7Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.
8Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.
9Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.
10Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm.
11Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.
12Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum.
13Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin.
14Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
15“Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin.
16Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.
17Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.
18Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun.
19Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir.
20“Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,
21hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin?
22Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.
23Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra
24özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin.
25Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.
26Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın.
27Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır.
28Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.
29Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”.
30Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.
31Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın.
32Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun.
33Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.
34Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.
35Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.
36Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –
37bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
38Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.
39Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar.
40Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.
41Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.
42Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.
43İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?
44Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.
45Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.
46Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.
47Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun.
48Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
49Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.
50Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.
51Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin.
52Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.
53Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam.
54Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.
55Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
56Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
57İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.
58Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.
59Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
60Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
61Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi.
62Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm.
63Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».