Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 35

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun əleyhinə peyğəmbərlik edib
3söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm.
4Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm.
5Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”.
6Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək.
7Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm.
8Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq.
9Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm.
10Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”.
11Buna görə də Xudavənd Rəbb belə bəyan edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara da Özümü göstərəcəyəm.
12O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›.
13Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”.
14Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm.
15İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.