1Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”.
3Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam.
4Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm.
5Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq.
6Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”.
7Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm.
8Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq.
9Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri quracaq, baltaları ilə qüllələrini uçuracaq.
10Atları çox olduğu üçün onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək.
11O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq.
12Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar.
13Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək.
14Səni çılpaq bir qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
15Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi?
16Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək.
17Onlar sənin üçün mərsiyə oxuyub deyəcək: ‹Dənizçilərin yaşadığı məşhur şəhər, Sən necə məhv oldun? Dənizdə güclü idin. Sən və sənin əhalin Sahildə yaşayanların hamısını Dəhşətə salmışdınız.
18İndi dağıldığın gün Adalar titrəyir, Adalarda yaşayanlar Sənin yıxılmağından heyrətə düşür›”.
19Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə
20qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim.
21Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir».