Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 12

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır.
3Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər.
4Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx.
5Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.
6Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».
7Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım.
8Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu:
9«Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
10Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”.
11Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.
12Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin.
13Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək.
14Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.
15Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm.
16Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
17Mənə Rəbbin bu sözü nazil oldu:
18«Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç.

19Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq.
20Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
21Mənə Rəbbin bu sözü nazil oldu:
22«Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?
23Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı.
24Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq.
25Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
26Mənə Rəbbin bu sözü nazil oldu:
27«Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”.
28Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».