Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 31

Help us?
Click on verse(s) to share them!
1Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər?
3Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi, Meşəyə kölgə salan gözəl budaqları var idi, Çox uca idi, başı buludlara çatırdı.
4Onu sular bəslədi, Dərin su qaynaqları böyütdü. Çayları əkildiyi yeri əhatə etdi, Arxları çöldəki bütün ağaclara çatırdı.
5Buna görə də çöldəki bütün ağaclardan böyük oldu, Bol su içdiyi üçün qol-budaq atıb Şaxələri uzandı.
6Bütün göy quşları onun budaqlarında yuva qurdu, Vəhşi heyvanlar şaxələri altında balaladı, Bütün böyük millətlər kölgəsində yaşadı.
7Böyüklüyü və uzun budaqları ilə gözəl oldu, Çünki kökləri bol su içdi.
8Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi.
9Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim, Allahın bağçası olan Edendəki Bütün ağaclar ona qısqandı”.
10Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı,
11Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və
12yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.
13Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı.
14Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”.
15Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum.
16Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı.
17Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi.
18Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir».