Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 24

Help us?
Click on verse(s) to share them!
1Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı.
3Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy, İçinə su doldur.
4Ətin parçalarını, ən yaxşı parçalarını, Budu və döşü oraya yığ. Onu seçilmiş sümüklərlə doldur.
5Sürüdən ən yaxşı heyvanları götür, Qazanın altına isə odun yığ. Qoy içindəki su qaynasın ki, Qazandakı sümükləri də bişsin”.
6Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın.
7Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı.
8Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”.
9Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm.
10Odunları yığ, odu alovlandır, Əti yaxşı bişir, Ədviyyatını qat, Sümüklər də yansın.
11Onun közləri üstünə Qazanı boş qoy ki, qızsın, Misi yansın, İçindəki murdarlığı getsin, Pası ərisin.
12Bütün zəhmət hədər getdi, Qalın pası ərimək bilmir, Pası odla da çıxmır.
13Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən.
14Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir».
15Mənə Rəbbin bu sözü nazil oldu:
16«Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə.
17İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə».
18Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim.

19Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?»
20Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu:
21İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.
22Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz.
23Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz.
24Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.
25Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt –
26o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək.
27O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».