1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan.
3Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın.
5Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”.
6Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın,
7Mən də yadelliləri, ən rəhmsiz millətləri Üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə Qılınc çəkib Əzəmətini murdarlayacaq.
8Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda Dəhşətli bir ölümlə məhv olacaqsan.
9Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində Sən Allah deyil, insansan.
10Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir».
11Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
12“Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi.
13Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı.
14Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin.
15Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin.
16Bol ticarətindən ötrü İçin zorakılıqla doldu, Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv!
17Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim.
18Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim.
19Xalqlar arasında səni tanıyanlar Fəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”».
20Mənə Rəbbin bu sözü nazil oldu:
21«Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,
22Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm, Sənin içində izzət qazanacağam. Mən sakinlərini cəzalandırıb Onların arasında müqəddəs tutulanda Biləcəklər ki, Rəbb Mənəm.
23Əhalinin içinə vəba, Küçələrinə qan göndərəcəyəm. Hər tərəfdən onların üstünə gələn qılıncla Vurulub həlak olacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm.
24İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.
26Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».