Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 39

Help us?
Click on verse(s) to share them!
1Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
2Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
3Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
4Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.
5Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
6Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.
7Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
8Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.
9Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
10Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
11“O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.
12Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.
13Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.
14“Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
15Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
16Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
17Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
18Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.

19Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.
20Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.
21“İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
22Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
23Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
24Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
25Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.
26Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
27Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.
28Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
29Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».