Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 23

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi.
3Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.
4Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır.
5Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.
6Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.
7Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.
8Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər.
9Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim.
10Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi.
12O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.
13Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi.
16Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.
17Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.
18O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi.

19Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.
20Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.
22Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm.
23Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.
24Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək.
25Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.
26Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.
27Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.
28Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm.
29Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin
30bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.
31Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”.
32Xudavənd Rəbb belə deyir: “Sən bacının kasasından içəcəksən. O dərin və genişdir. Sənə gülüb istehza edəcəklər, Çünki dopdolu bir kasadır.
33Sərxoşluq və kədərlə dolacaqsan. Bacın Samariyanın kasası Dəhşət və viranəlik kasasıdır.
34Bu kasadan içəcəksən, Onu boşaldacaqsan, Parçalarını gəmirəcəksən, Köksünü yırtacaqsan”. Çünki bunu Mən söylədim, Xudavənd Rəbb belə bəyan edir.
35Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”».
36Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.

37Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər.
38Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar.
39Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər.
40Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək taxdın.
41Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun.
42Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.
43Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”.
44Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər.
45Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb.
46Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları dəhşətə, talana düçar et.
47Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar.
48Ölkədə olan pozğunluğa son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək.
49Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».