Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 27

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub
3ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin: ‹Mən gözəllikdə qüsursuzam›.
4Sərhədlərin dənizin qoynunda idi. Səni tikənlər gözəlliyini kamil etdi.
5Bütün taxtalarını Senirin şam ağaclarından düzəltdilər. Sənə dor qayırmaq üçün Livandan sidr ağacları gətirdilər.
6Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər.
7Sənin yelkənin, bayrağın Misirin naxışlı kətanından oldu. Talvarın Elişa sahillərinin Bənövşəyi və tünd qırmızı parçalarından idi.
8Sidonda və Ervadda yaşayanlar Sənin avar çəkənlərin idi. Ey Sur, səndə bacarıqlı adamlar var idi, Gəmiçilərin onlardan idi.
9Gəmilərindəki yarıqları təmir edənlər Gevalın təcrübəli və bacarıqlı adamları idi. Dənizdəki bütün gəmilər və dənizçilər Mallarını dəyişmək üçün Sənin yanına gəldi.
10Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər.
11Ervaddan və Xelekdən gələnlər Hər tərəfdən divarlarını qorudu. Qammadlılar qüllələrində gözətçi oldu. Qalxanlarını divarlarından asdı, Gözəlliyini kamil etdi.
12Səndə hər cür mal bol olduğu üçün Tarşiş səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Gümüş, dəmir, qalay və qurğuşun verdilər.
13Yavan, Tuval və Meşek səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Qullar və tunc qablar verdilər.
14Bet-Toqarma xalqı Mallarının əvəzinə sənə At, döyüş atı və qatır verdi.
15Dedan xalqı səninlə ticarət etdi, Çoxlu sahil xalqı sənin müştərin idi, Səndən aldıqları malın əvəzinə Fil sümüyü və abnos ağacı verdilər.
16Sənin məmulatın çox olduğu üçün Aram səninlə ticarət etdi, Mallarının əvəzində sənə Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar, İncə kətan, mərcan və yaqut verdilər.
17Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Minnit buğdası, darı, bal, Zeytun yağı və balzam verdilər.
18Sənin məmulatın çox olduğu üçün, Səndə hər cür mal bol olduğuna görə Dəməşq səninlə ticarət etdi, Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
19Vadan və Uzaldan gələn Yavan səninlə ticarət etdi. Sənə gətirilən mallar arasında İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
20Dedan xalqı səninlə ticarət edib Sənə yəhər üçün qumaş verdi.
21Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər.
22Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
23Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad Səninlə ticarət etdi,
24Onlar bazarlarında Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar, Sıx toxunmuş, iplərlə bağlanmış Rəngli xalçalarla Səninlə ticarət etdi.
25Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun.
26Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı, Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
27Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq.
28Sükançıların fəryadından Dənizin sahilləri titrəyəcək.
29Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək, Gəmiçilərlə sükançıların hamısı Gəmilərindən düşüb quruda dayanacaq.
30Uca səslə sənin üçün Acı-acı fəryad edəcəklər. Başlarına torpaq səpələyəcəklər, Küldə eşələnəcəklər.
31Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar.
32Yaslarında sənin üçün mərsiyə oxuyub Belə deyəcəklər: ‹Dənizin ortasında Sur şəhəri kimi susdurulan Bir şəhər varmı görəsən?›
33Malların dənizin o tayına çatanda Çoxlu xalqı doydururdun. Böyük var-dövlətinlə, malınla Dünya padşahlarını sərvət sahibi edirdin.
34İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı.
35Sahillərdə yaşayanların hamısı Başına gələnlərdən heyrətə düşdü. Onların padşahlarının tükləri biz-biz oldu, Bənizləri soldu.
36Millətlərin arasındakı tacirlər Sənə görə fit çalacaq. Aqibətin dəhşətli oldu, Sən əbədi olaraq yox olacaqsan”».