1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb
3söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü.
4Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu.
5O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi.
6O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu.
7Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın.
8O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”.
9Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq.
10O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”».
11Mənə Rəbbin bu sözü nazil oldu:
12«İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı.
13Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki,
14padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın.
15Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?”
16Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu.
17Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək.
18Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”.
19Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam.
20Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm.
21Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”.
22Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından Bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından Zərif bir budaq qoparacağam, Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.
23Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq.
24Bütün çöl ağacları biləcək ki, Hündür ağacı Mən Rəbb alçaltdım, Alçaq ağacı yüksəltdim, Yaşıl ağacı qurutdum, Quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və Hökmən yerinə yetirəcəyəm”».