Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 18

Help us?
Click on verse(s) to share them!
1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Siz İsrail torpağı üçün “Atalar kal üzüm yedi, Oğulların dişi qamaşır” məsəlini söyləyərək nə demək istəyirsiniz?
3Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz.
4Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.
5Əgər bir adam salehdirsə, Ədalətli və saleh işlər görürsə,
6Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə, Aybaşı olan qadınla yaxınlıq etmirsə,
7Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,
8Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, Pis əməldən çəkinirsə, İki adam arasında ədalətlə mühakimə edirsə,
9Mənim qaydalarıma görə rəftar edirsə, Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir və Əlbəttə, yaşayacaq” Xudavənd Rəbb belə bəyan edir.
10“Deyək ki bu adamın bir oğlu olur. Əgər bu oğul zorakılıq edib qan tökürsə, Soydaşına qarşı bu işlərdən birini görürsə,
11Atası bunlardan heç birini etmədiyi halda, Oğul dağlarda gətirilən qurbandan yeyirsə, Qonşusunun arvadını ləkələyirsə,
12Fəqirə və yoxsula haqsızlıq edirsə, Soyğunçuluq edirsə, Girovu qaytarmırsa, Gözlərini bütlərə dikirsə, İyrənc işlər görürsə,
13Sələmlə borc pul verib müamilə götürürsə, Belə oğul yaşayacaqmı? Xeyr, o yaşamayacaq. Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir. Ölümü üçün də özü məsuliyyət daşıyacaq.
14Deyək ki bu oğulun da bir oğlu olur. Bu oğul atasının etdiyi bütün günahları görüb, Diqqət edərək belə işlər etmirsə,
15Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə,
16Kimsəyə haqsızlıq etmirsə, Girov almırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,
17Məzlumdan əl çəkirsə, Sələm almırsa, Müamilə götürmürsə, Hökmlərimə əməl edib Qaydalarıma görə rəftar edirsə, Atasının günahına görə ölməyəcək, Əlbəttə, yaşayacaq.
18Bu oğulun atası isə İnsafsızlıqla qəddarlıq etdiyi üçün, Soydaşını qarət etdiyinə görə, Xalqı içində pis işlər gördüyü üçün Öz təqsirindən ötrü, əlbəttə, öləcək.

19Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq.
20Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.
21Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq.
22Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”.
23Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.
24Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.
25Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?
26Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək.
27Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar.
28Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.
29Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?
30Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin.
31Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
32Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”.