1Mənə Rəbbin bu sözü nazil oldu:
2«Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir.
3Ona söylə ki, Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər!
4Sən tökdüyün qana görə təqsirkar oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim.
5Ey adı pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək.
6Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür.
7Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir.
8Müqəddəs şeylərimə xor baxdın, Şənbə günlərimə məhəl qoymadın.
9Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar.
10Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub murdarlanan qadınları zorlayanlar var.
11Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır.
12Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir.
13“Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə əllərimi bir-birinə vururam.
14Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm.
15Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm.
16Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”».
17Mənə Rəbbin bu sözü nazil oldu:
18«Ey bəşər oğlu, mənim üçün İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir.
19Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam.
20Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm.
21Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz.
22Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”».
23Mənə Rəbbin bu sözü nazil oldu:
24«Ey bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan.
25Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu.
26Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi.
27Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar.
28Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq bu günahların üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir› söyləyirlər.
29Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir.
30Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım.
31Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».