Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yezekel

Yezekel 36

Help us?
Click on verse(s) to share them!
1Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin.
2Xudavənd Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı, bu qədim təpələr bizim mülkümüz oldu› dedi”.
3Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”.
4Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir.
5Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”.
6Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”.
7Buna görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, ətrafınızdakı millətlər də mütləq təhqir olunacaq.
8Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq.
9Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək.
10Ölkənizdə adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad ediləcək.
11Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
12Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”.
13Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən, millətini övladdan məhrum edən bir ölkə deyir.
14Ancaq bundan sonra sən daha adam yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” Xudavənd Rəbb belə bəyan edir.
15“Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
16Mənə Rəbbin sözü nazil oldu:
17«Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi.
18Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər.

19Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim.
20Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”.
21İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim.
22Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.
23Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir.
24“Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm.
25Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
26Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm.
27Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.
28O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.
29Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm.
30Bir daha millətlər içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam.
31O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz.
32Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!”
33Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm.
34Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi.
35Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›.
36Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.

37Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam.
38Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”».