35Bizə və əhalimizə qarşı edilən zorakılıq Babilin başına gəlsin» Deyir Sion sakini. «Tökülən qanımızın haqq-hesabı Qoy Xaldeylilərdən soruşulsun» Deyir Yerusəlim.
36Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm.
37Babil daş qalaqlarına, Çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq, İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq.
38Xalqı cavan aslanlar kimi kükrəyəcək, Şir balaları kimi nərildəyəcək.
39Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir.
40«Onları quzu, qoç və təkə kimi Kəsməyə aparacağam.
41Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü!
42Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək.
43Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək.
44Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq.
45Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın! Rəbbin qızğın qəzəbindən qaçın!
46Ölkədə eşitdiyiniz şayiələrə görə Cəsarətinizi itirib qorxmayın. Bir il bir şayiə gəlir, O biri il başqası. Ölkədə zorakılıq, Başçının başçıya qarşı çıxması barədə Şayiələr yayılır.
47Buna görə də yəqin ki Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq, Öldürülənləri onun ortasında yerə səriləcək.
48O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv edənlər Ona hücum edəcək» Rəbb belə bəyan edir.
49«İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu.
50Ey qılıncdan qurtulanlar, Qaçın, ləngiməyin! Rəbbi uzaqdan yada salın, Yerusəlim barədə düşünün!»
51Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi.
52«Buna görə də bütlərini Cəzalandıracağım günlər gəlir, Bütün ölkədə yaralılar inildəyəcək» Rəbb belə bəyan edir.
53«Babil göylərə çıxsa da, Ucalardakı qalasını möhkəmləndirsə də, Məhv edənləri üstünə göndərəcəyəm» Rəbb belə bəyan edir.
54«Babildən fəryad, Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55Çünki Rəbb Babili məhv edir, Onun hay-küyünü susdurur. Düşmən dalğaları axar sular kimi kükrəyir, Səslərinin gurultusu ucalır.
56Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq.
57Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.
58Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək».
59Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.
60Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.
61Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.