Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 6

Help us?
Click on verse(s) to share them!
1Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.
2Mən gözəl və zərif qızı – Sion qızını talan edəcəyəm.
3Çobanlar öz sürüləri ilə Ona qarşı gələcək, Hər tərəfdən onun önündə çadır quracaq. Hər kəs öz yerində sürüsünü otaracaq.
4Sion qızı ilə döyüşə hazırlaşın! Qalxın, günorta çağı hücum edək! Vay halımıza! Gün tutqunlaşır, Axşam kölgələri uzanır.
5Qalxın, gecə vaxtı hücum edək! Onun imarətlərini dağıdaq!
6Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır.
7Bir bulaqdan necə su axarsa, Bu şəhərdən də eləcə pislik fışqırır. İçində zorakılıq və soyğunçuluq səsi eşidilir. Önümdə həmişə dərd və yara görürəm.
8Ey Yerusəlim, ibrət al, Yoxsa səndən üz döndərərəm, Səni xarabaya, əhalisiz torpağa çevirərəm».
9Ordular Rəbbi belə deyir: «Tənəkdən son üzümlər yığılan kimi İsrailin qalan əhalisi də Yığılıb qurtaracaq. Üzümyığan kimi Yenə meynə budaqlarına əlini uzat».
10Kiminlə danışım, Kimə xəbərdarlıq edim ki, qulaq assın? Axı qulaqları tıxanıb, Eşidə bilmirlər. Onların arasında Rəbbin sözünə lağ edilir, Ondan xoşları gəlmir.
11Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.
12Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir.
13«Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur.
14Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.
15İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb.
16Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz.
17Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz.
18Buna görə də, ey millətlər, qulaq asın, Ey camaat, bilin ki, Onların başına nə gələcək.

19Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər.
20Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil».
21Buna görə də Rəbb belə deyir: «Mən bu xalqın qabağına Maneələr qoyacağam. Atalar və oğullar birlikdə Onlara ilişib yıxılacaq. Qonşu dostu ilə birgə həlak olacaq».
22Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir.
23Onlar əllərində ox-kaman və nizə tutub, Rəhmsizdirlər, heç kəsə acımırlar. Səsləri dəniz kimi gurlayır, Atlara miniblər. Onlar yekdilliklə səninlə Müharibəyə hazırdır, ey Sion qızı!»
24Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü.
25Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.
26Ey əziz xalqım! Çul geyin və küldə yuvarlan. Vahid oğluna yas tutan kimi Yas tutub acı-acı ağla. Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.
27Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki, Xalqımı yoxlayıb imtahan edəsən, Onlara nəzər qoyub əməllərini sınayasan.
28Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.
29Körük basılır, Atəşində qurğuşun əriyir. Ancaq dəmirçi nahaq yerə əridir, Çünki pislər ayrılmır.
30Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı».