Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 42

Help us?
Click on verse(s) to share them!
1Bütün qoşun başçıları, Qareah oğlu Yoxanan, Hoşaya oğlu Yezanya və böyükdən kiçiyə qədər bütün xalq yaxınlaşıb
2Yeremya peyğəmbərə dedi: «Xahiş edirik, yalvarışımız sənə məqbul olsun, bizim üçün – bu qalan xalq üçün Allahın Rəbbə dua et, çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq.
3Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin».
4Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam».
5Onlar Yeremyaya dedi: «Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil etdiyi hər sözə əməl etməsək, qoy Rəbb Özü əleyhimizə həqiqi və etibarlı şahid olsun.
6Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq».
7On gün sonra Rəbbin sözü Yeremyaya nazil oldu.
8Qareah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyükdən kiçiyə qədər bütün xalqı çağırıb
9onlara dedi: «Yalvarışınızı önünə təqdim etmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir:
10“Əgər bu ölkədə qalsanız, Mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm.
11Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam.
12Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm edib sizi öz torpağınıza qaytarsın”.
13Ancaq siz “bu torpaqda yaşamayacağıq” deyərək Allahınız Rəbbin sözünə qulaq asmasanız,
14“yox, biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq” desəniz,
15onda, ey qalan Yəhudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Əgər siz, doğrudan da, Misirə gedib orada sakin olmağı qərara alsanız,
16o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib edəcək və orada öləcəksiniz.
17Misirə gedib sakin olmağı qərara alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq, başlarına gətirdiyim bəladan qaçıb qurtarmayacaq”.
18Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəniz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz”.

19Ey Yəhudanın qalan camaatı, sizin üçün Rəbb “Misirə getməyin” söylədi. Yaxşı bilin ki, bu gün sizə xəbərdarlıq etdim.
20Çünki siz fəlakət gətirən bir səhv etdiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: “Allahımız Rəbbə bizim üçün dua et, Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir, biz elə də edərik”.
21Mən bu gün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız.
22İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz».