Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 15

Help us?
Click on verse(s) to share them!
1Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.
2Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir: “Vəba üçün ayrılanlar vəbaya, Qılınc üçün ayrılanlar qılınca, Aclıq üçün ayrılanlar aclığa, Sürgün üçün ayrılanlar sürgünə”.
3Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.
4Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.
5Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək?
6Rəbb bəyan edir: “Sən Məni rədd etdin, Geri çəkildin. Mən də əlimi uzadıb səni məhv edirəm. Daha bağışlamaqdan yoruldum.
7Onları ölkənin şəhər darvazalarında Kürəklə sovurdum, Xalqımı övladsız qoydum, Onları məhv etdim. Çünki yollarından dönmədilər.
8Mənim önümdə onların dul qadınlarının sayı Dəniz qumundan da çox oldu. Günorta çağı Cavanlarının analarını ağlar qoymaq üçün Məhv edəni gətirdim. Qəflətən onları qorxu və dəhşətə saldım.
9Yeddi uşaq doğan qadın zəifləyib can verdi, Onun günəşi günorta çağı batdı, Utanıb alçaldı. Onlardan sağ qalanlarını Düşmənlərinin önündə Qılınca təslim edəcəyəm”» Rəbb belə bəyan edir.
10Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir.
11Rəbb dedi: «Bundan sonra mütləq səni Xeyir üçün xilas edəcəyəm. Bəla və kədər vaxtı düşmənlərini Sənə yalvarmağa məcbur edəcəyəm.
12Dəmiri, şimaldan gələn dəmiri və tuncu Kim qıra bilər?
13Sənin sərvətini və xəzinələrini Qarət malı kimi başqalarına havayı verəcəyəm. Bunu ölkənin hər tərəfində Sənin günahlarından ötrü edəcəyəm.
14Mən səni tanımadığın ölkədə Düşmənlərinə qul edəcəyəm. Çünki qəzəbim od tutub Sizi yandıracaq».
15Sən bilirsən, ya Rəbb! Məni yada sal və qayğıma qal. Məni təqib edənlərdən qisasımı al, Səbirli olduğuna görə məni həlak etmə. Bil ki, Sənin üçün rüsvay oldum.
16Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb!
17Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun.
18Nə üçün ağrım kəsilməz, Yaram çarəsizdir, Şəfasına ümid yoxdur? Məgər mənim üçün suyu qurumuş, Etibarsız bir vadi olacaqsan?

19Buna görə Rəbb belə deyir: «Əgər sən tövbə etsən, Səni yenə qəbul edib xidmətimə təyin edərəm. Əgər cəfəngiyat danışmaq əvəzinə Qiymətli sözlər söyləsən, O zaman Mənim dilimlə danışacaqsan. Onlar özləri sənə tərəf dönəcək, Amma sən onlara tərəf qayıtmayacaqsan.
20Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir.
21«Səni pis adamların əlindən azad edəcəyəm, Zülmkarların pəncəsindən satın alacağam».