Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 38

Help us?
Click on verse(s) to share them!
1Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi:
2«Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”.
3Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”».
4Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».
5Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz».
6O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.
7Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu.
8Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:
9«Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı».
10Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».
11Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar.
12Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi.
13Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.
14Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə».
15Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan».
16Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».
17Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.
18Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».

19Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».
20Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar.
21Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir:
22Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”.
23Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».
24Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən.
25Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə,
26onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».
27Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi.
28Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.