Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 14

Help us?
Click on verse(s) to share them!
1Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.
2«Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır.
3Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər.
4Ölkədə yağış olmadığı üçün Torpaq cadar-cadar oldu. Əkinçilər utanır, Başlarını örtür.
5Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur.
6Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur».
7Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik.
8Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?
9Nə üçün çaşmış adam, Qurtarmağa gücü çatmayan İgid kimi olmusan? Ancaq Sən aramızdasan, ya Rəbb. Biz Sənə məxsusuq, Bizi tərk etmə.
10Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».
11Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə.
12Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».
13Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”».
14Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır.
15Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq.
16Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.
17Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.
18Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”».

19Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir.
20Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik.
21Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal.
22Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin.