Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 29

Help us?
Click on verse(s) to share them!
1Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir.
2Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi.
3Onu Yəhuda padşahı Sidqiyanın Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqiya oğlu Gemarya apardı. Belə dedi:
4«Mən İsrailin Allahı olan Ordular Rəbbi Yerusəlimdən Babilə sürgün etdiyim adamlara belə söyləyirəm:
5“Evlər tikib yaşayın, bağçalar salıb meyvələrini yeyin.
6Arvad alıb oğul-qız atası olun. Oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun. Orada azalmayıb çoxalın.
7Sizi sürgün etdiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua edin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız”.
8İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin.
9Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir.
10Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm.
11Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
12Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm.
13Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız.
14Məni tapmağınıza izin verəcəyəm” Rəbb belə bəyan edir. “Sizi sürgündən geri qaytaracağam, sürgün etdiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam” Rəbb belə bəyan edir.
15Siz belə dediniz: “Rəbb bizə Babildə peyğəmbərlər verib”.
16Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizinlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir.
17Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm.
18Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”.

19Rəbb bəyan edir: “Ona görə ki sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız” Rəbb belə bəyan edir.
20Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin.
21Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək.
22Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək.
23Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir».
24Nexelamlı Şemaya barədə söylə ki,
25İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin:
26“Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan.
27Bəs nə üçün sizə özünü peyğəmbər elan edən Anatotlu Yeremyanı məzəmmət etmirsən?
28Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yeyin”».
29Kahin Sefanya bu məktubu Yeremya peyğəmbərə uca səslə oxudu.
30Bu vaxt Yeremyaya Rəbbin bu sözü nazil oldu:
31«Bütün sürgün olunmuşlara xəbər göndərib söylə ki, Nexelamlı Şemaya barədə Rəbb belə deyir: “İndi ki Mən göndərmədiyim halda Şemaya peyğəmbərlik edib sizi yalana inandırdı,
32Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir».